Ədəbiyyat və teatrda silinməyən iz qoyan maarifçi ziyalı

 

Dəyərli qələm sahibi Eynəli bəy Sultanov

 

XX əsr Azərbaycan ədəbiyyatı, mətbuatı, teatrı və ictimai fikir tarixində özünəməxsus yeri olan ziyalılardan biri  Eynəli bəy Sultanov olub. Eynəli bəy Sultanovun adı yazıçı-publisist, ictimai xadim, eyni zamanda mədəniyyət tariximizə teatr xadimi və tənqidçisi kimi həkk olunub. Dövrünün böyük dünyagörüşlü ziyalılarından olan Eynəli bəyin Naxçıvanda teatr sənətinin inkişafında xidmətləri böyük olub.

 

Eynəli bəy Sultanov 1866-cı il may ayının 5-də Naxçıvan şəhərində anadan olub. 1882-ci ildə öz evində “Ziyalılar cəmiyyəti” təşkil edərək şəhərin bütün tərəqqipərvər, açıq fikirli adamlarından Paşa ağa Sultanov, Mirzə Cəlil Mirzəyev (Şürbi), Mirzə Ələkbər Xəlilov, Əsəd ağa Kəngərli, Qurbanəli Şərifov, Baxşəli ağa Şahtaxtlı, Nəsrulla Şeyxov və başqalarını həmin cəmiyyətə cəlb etmişdir. Bu cəmiyyətdə dövrün ictimai-siyasi, qadın azadlığı məsələləri müzakirə edilir, yeni məktəblər, kitabxanalar açmaq qərara alınır, elmi-ədəbi mübahisələr keçirilirdi. Burada Aleksandr Puşkin, Lev Tolstoy, Belinski, Dobrolyubov kimi görkəmli rus yazıçı və şairlərinin də əsərləri oxunur, tərcümə edilir və fikirləri üzərində elmi mübahisələr aparılır, xalqı qəflət yuxusundan oyatmaq üçün hər cür səy göstərilirdi.

Eynəli bəy Sultanovdövrün tərəqqipərvər, açıq fikirli ziyalılarından Məhəmməd ağa Şahtaxtlı, Qurbanəli Şərifov, Məhəmməd Tağı Sidqi, Cəlil Məmmədquluzadə, Eynəli bəy Sultanov, Mirzə Əlməmməd Xəlilov, Mirzə Ələkbər Bəyalı oğlu Süleymanov, Mirzə Məmməd Zamanbəyov və başqalarının təşəbbüsü ilə 1883-cü ildə Naxçıvanda ilk dəfə olaraq “Müsəlman incəsənəti və dram cəmiyyəti” adlı bir ədəbi cəmiyyət yaradılmışdı.

Eynəli bəy Sultanovun fəaliyyəti Azərbaycan teatr tarixində ən gözəl səhifələrdən birini təşkil edir. Naxçıvan teatrının yaranma və təşəkkülündə onun xidmətləri böyük olmuşdur.

Eynəli bəy mükəmməl bilikli bir insan idi. O, ibtidai təhsilini Naxçıvan qəza məktəbində almışdı. Eynəli bəy eyni zamanda İrəvan gimnaziyasında təhsil almış, burada rus, latın, yunan dillərini öyrənmiş, riyaziyyat, fizika, tarix, coğrafiya, ilahiyyat və digər fənləri dərindən mənimsəmişdir. Çoxlu xarici dilləri bildiyi üçün Eynəli bəy  tərcüməçilik fəaliyyəti ilə də məşğul olmuşdur. Gimnaziyada oxuduğu illərdə Qori Seminariyasının məzunu şuşalı Firidun bəy Köçərli də Eynəli bəyə dərs demişdir. Eynəli bəy Sultanov gimnaziyanı bitirdikdən sonra bir müddət Naxçıvanda yaşayıb-yaratmış, burada teatr mühitinin formalaşmasında böyük əmək sərf etmişdir. 

 

Naxçıvan teatrının tarixində unudulmaz ad

 

Naxçıvanda teatrın əsasının 1883-cü ildə qoyulması ilk peşəkar Azərbaycan teatrının yaradılmasının 10 illiyinə təsadüf edib. O dövrdə Naxçıvanda fəaliyyət göstərən “Naxçıvan müsəlman incəsənəti və dram cəmiyyəti”nin nümayəndələri Eynəli bəy Sultanovun rəhbərliyi ilə Mirzə Fətəli AxundovunMüsyö Jordan və dərviş Məstəli şah” əsərini tamaşaya hazırlamışdılar. Tamaşa ilk dəfə 1883-cü ilin may ayında Hacı Nəcəf Zeynalovun evində göstərilib.

Eynəli bəy Sultanov həm də Naxçıvanda mədəni-maarif tədbirlərinin təşkilatçısı, mütərəqqi ziyalılar dəstəsinin ilk müəllimi və tərbiyəçisi kimi tanınmışdır. Abbas Zamanov “Əməl dostları” adlı məqaləsində bildirirdi ki, əslində Eynəli bəy Cəlil Məmmədquluzadənin timsalında özünün məslək və əməl dostunu tapmışdır. Naxçıvanda kitabxana açdırmaq məsələsində də Eynəli bəy Sultanovun böyük əməyi olub. Bu şəhərdə maarifçi mühitin formalaşması Eynəli bəyin adı ilə bağlıdır.

Eynəli bəy bir müddət Irəvan dairə məhkəməsində tərcüməçi  də işləyib. Hüquq idarələrində təcrübə qazanaraq prokurorluq orqanlarına işə düzəlmiş, prokuror köməkçisi işləmişdir.

Akademik Isa Həbibbəyli yazır: “Şübhəsiz, bu illərdə Cəlil Məmmədquluzadənin də pedaqoji fəaliyyətdən hüquq idarələrinə qəbulunda, İrəvan şəhərinə köçməsində onun mühüm xidməti olmuşdur. Hətta fikrimizcə, Mirzə Cəlilin rusdilli mətbuat orqanları ilə əməkdaşlığa istiqamətləndirilməsi də Eynəli bəy Sultanovun adı ilə bağlıdır”.

Eynəli bəyin özürus dilində çıxan “Novoye obozreniye” qəzetində müntəzəm çap olunurdu. Bu qəzet vasitəsilə o, istedadlı publisist və yazıçı kimi tanınmışdı.

Eynəli bəy Sultanovun Azərbaycan mətbuatının inkişafındakı rolu o qədər də geniş araşdırılmasa da məlum olur ki, 1905-1908-ci illərdə o, “Kaspi” qəzetinin İrəvan və Naxçıvan üzrə xüsusi müxbiri olub. Qəzetin səhifələrində olduqca maraqlı, dövrünün ictimai-siyasi hadisələrinə ayna tutan məqalələri, hekayələri və şeirləri dərc edilib. Bir tərəfdə müxbirliklə məşğul olan, onu narahat edən, düşündürən problemlərdən, mövzulardan, qəzetlərə ardıcıl surətdə məqalələr yazıb göndərən Eynəli bəy Sultanov, eyni zamanda insan hüquqlarının keşiyində dayanırdı. 1906-cı ildən etibarən Irəvan dairə məhkəməsinin prokurorunun Naxçıvan mahalı üzrə köməkçisi vəzifəsində çalışıb.

Eynəli bəy Sultanov bəy ailəsində anadan olmuş, atası, ulu babaları - hamısı bəy nəslindən idi. Onların kəndləri, geniş torpaq sahələri, tarlaları, kəhrizləri çox idi.

 

O həm də böyük xeyriyyəçi idi

 

Eynəli bəy 1907-ci ildə Naxçıvan ətrafındakı Göynük, Sürməlik və Sirab kəndlərindəki şəxsi torpaq sahələrini kəndlilərə paylamışdır. Bu da onun mərhəmətli, xeyirxah bir insan olduğunu sübut edir. O, öz biliyini, savadını xalqdan əsirgəmədiyi kimi malını-mülkünü əsirgəmirdi.

Naxçıvan İrəvandan sonra Eynəli bəy Sultanov Tiflisdə yaşayıb-yaratmış, burada işıq üzü görən bütün mətbuat orqanlarının, xüsusilə Molla Nəsrəddinjurnalının ən mükəmməl yazarlarından biri olmuşdur. Harada yaşamasından, çalışmasından asılı olmayaraq heç zaman Naxçıvanı unutmayan Eynəli bəy mətbuat səhifələrində doğma diyarla bağlı silsilə yazılarla çıxış edirdi.

Xeyli müddət Tiflisdə yaşayan Eynəli bəy Sultanov burada da teatr mühitinin inkişafında əlindən gələni etmişdir. Tiflis teatrında göstərilən müxtəlif tamaşalar barəsində resenziyalar, ayrı-ayrı aktyorların oyunları haqqında məqalələr yazan Eynəli bəy bir pedaqoq kimi öz bilik bacarığını gənc nəslin nümayəndələrindən əsirgəmirdi.

Eynəli bəy 1912-1916-cı illərdə Tiflisdə fəaliyyət göstərən qadın gimnaziyasında rus dili dərslərini tədris etmiş, sonralar isə ana dili müəllimi sinif nəzarətçisi vəzifəsində çalışmışdır. Hətta əlifba islahatı uğrunda da ardıcıl mübarizə aparmış, 1924-cü ildə yeni əlifba komitəsinin Tiflis şöbəsinin katibi olmuşdur.

Eynəli bəy Sultanov bədii yaradıcılıqla da məşğul olmuşdur. Əsasən dram nəsr əsərləri yazan Eynəli bəyinTatarka” (“Azərbaycan qızı”) pyesi ilk dəfə Naxçıvanda tamaşaya qoyulub, 1904-cü ildə isə İrəvanda kitab halında çap edilib. Qadın azadlığı məsələsinə həsr edilən bu pyesdə dövrün ziddiyyətli məqamlarına, qadına olan ögey münasibətə, əsarətdə yaşayan zərif varlıqların arzularından bəhs edilib.

Eynəli bəy Tiflisdə yaşadığı illərdə müxtəlif səhnəciklər qələmə almış, Mirzə Fətəli AxundovunMolla İbrahim Xəlil kimyagərHacı Qarakomediyalarını rus dilinə tərcümə etmişdir.

Eynəli bəy Sultanov 1935-ci ilin iyun ayında Tiflisdə vəfat etmişdir.

E.Sultanovun doğum ölüm tarixləri ilə bağlı müxtəlif fikirlər mövcud olsa da, daha səhih məlumat akademik Isa Həbibbəyli tərəfindən ortaya qoyulmuşdur. Arxiv sənədləri əsasında müəllif sübut etmişdir ki, E.Sultanov 5 may 1866-cı il tarixdə Çölü bəy Qullarağasıyev-Sultanovun ailəsində dünyaya gəlmişdir. İ.Həbibbəylinin arxiv sənədləri əsasında ortaya qoyduğu 1866-cı il tarixi 1987-ci ildən etibarən ən tutarlı fakt kimi ədəbiyyatşünaslıq elmində E.Sultanovun təvəllüdü olaraq qeyd edilir.

 

Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir.

 

Azadlıq.- 2013.- 2 iyun.- S.14.